çərşənbə 14 oktyabr 2026 - 17:53
Fələstinli vətəndaşın 12 min kitabı xilas etməsi ilə bağlı maraqlı fakt

Hövzə | Əslən Fələstinli olan Məhəmməd Səid Qəzza zolağının şimalında yerləşən kitabxanasının dağıntıları altından təxminən 12 min kitabı xilas etməyə nail olub. O, çadırda kitabxana yaratmaqla bu kitabları yenidən oxucuların ixtiyarına verib və insanların həmin nəşrlərdən faydalanması üçün şərait yaradıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumata görə, Qəzzada baş vermiş dağıntıların arasından kitabxanasını yenidən bərpa etməyə çalışan bir fələstinlinin səylərinə nəzər salırıq.

Əslən fələstinli olan Məhəmməd Səid Qəzza zolağının şimalında yerləşən kitabxanasının dağıdılmasından sonra dağıntılar altından təxminən 12 min kitabı xilas etməyə nail olub. O, xilas etdiyi kitabların bir hissəsini Deyr əl-Bələh şəhərinə köçürərək burada çadırda kitabxana yaradıb. Bu təşəbbüs təhsil imkanlarından məhrum qalmış uşaqların həyatına kitabı və mütaliəni yenidən qaytarmaq məqsədi daşıyır.

54 yaşlı Məhəmməd Səid 35 ildən artıq müddət ərzində kitab toplamaq üçün səy göstərmiş və on minlərlə kitabdan ibarət zəngin kolleksiya formalaşdırmışdı. Lakin 2023-cü il dekabrın 7-də binaya edilən hücum və onun dağıdılması nəticəsində kitabxanası məhv olub. Yaşadığı əraziyə qayıtdıqdan sonra Məhəmməd Səid dağıntılar arasında axtarışlara başlayıb və təxminən 12 min kitabı oradan çıxarmağa müvəffəq olub.

O, xilas etdiyi kitabların bir hissəsini Deyr əl-Bələh şəhərinə apararaq “Əsər” adlı kitabxananın əsasını qoyub. Burada xilas edilmiş kitablar təmizlənir və mümkün olduğu dərəcədə bərpa olunur. Kitabların bir qismi isə uşaqlara münasib qiymətlərlə təqdim edilir.

Fələstinli vətəndaşın 12 min kitabı xilas etməsi ilə bağlı maraqlı fakt

Məhəmməd Səidin səyləri ilə yanaşı, 30 yaşlı fələstinli gənc Ömər Həmid də dağıdılmış kitabxanalardan salamat qalmış kitabların toplanması istiqamətində fəaliyyətə başlayıb. O, öz qrupu ilə birlikdə təxminən 3 min kitabı xilas etməyə müvəffəq olub. Bu kitabların bir hissəsi dağıntılar altından çıxarılıb, digər hissəsi isə ailələr tərəfindən bağışlanıb və satın alınıb.

Xilas edilən kitablar arasında 1956-cı ildə nəşr olunmuş "Nikbətil Fələstin" (Fələstin faciəsi) adlı kitabın bir nüsxəsi də yer alır. Həmin nüsxə Qəzza İslam Universitetinin dağıdılmış kitabxanasında aşkar edilib.

Fələstinli vətəndaşın 12 min kitabı xilas etməsi ilə bağlı maraqlı fakt

71 yaşlı fələstinli kitab cildləmə və bərpa ustası Cəmil Miqdad bu sahədə 45 ildən artıq peşə təcrübəsinə malikdir və hazırda zədələnmiş kitabların bərpası ilə məşğul olur. Kitabların bərpası zədələnmənin dərəcəsindən asılı olaraq iki gündən bir həftəyədək vaxt aparır. Xammalın qiymətində müşahidə olunan kəskin artım isə bu prosesi daha da çətinləşdirir.

Ömər Həmid, həmçinin “Əl-Finiq” adlı kitabxananın əsasını qoyub. Burada kitablar satışa çıxarılmır, əksinə, mütaliə ilə maraqlanan şəxslərə müvəqqəti istifadə üçün verilir. Kitabxananın kolleksiyasına ədəbi, elmi, tarixi, tibbi və hüquqi mövzularda əsərlərlə yanaşı, uşaqlar üçün nəzərdə tutulmuş kitablar da daxildir.

Xilas edilmiş kitablardan biri nəhayət, 10 yaşlı fələstinli məktəbli Ayə Şəvanın əlinə çatıb. Qəzzada çoxsaylı məktəblərin dağıdıldığı və ya zərər gördüyü, bir çox uşağın isə müntəzəm əyani təhsil almaq imkanından məhrum qaldığı bir şəraitdə Ayə Şəvan mütaliəni davam etdirir.

Bu fələstinlilərin səyləri kitabları dağıntılar altından çıxarmaqla məhdudlaşmır. Onlar kitabları təmizləmək, bərpa etmək və mütaliə üçün əlçatan vəziyyətə gətirməklə yenidən oxucuların ixtiyarına verməyə, Qəzzada həyatın ağır çətinliklərinə baxmayaraq, təhsilin və mədəniyyətin işığını sönməyə qoymamağa çalışırlar.

Mənbə: Əl-Cəzirə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha